Məzmuna keç

BMT Baş katibinin müavini: “Cəmiyyətin bütün üzvləri ilə əməkdaşlığı daha da dərinləşdirməliyik”

“Vətəndaş cəmiyyəti, özəl sektor, yerli xalqlar, iqlim fəalları, akademik dairələr, inkişaf bankları, gənclərimiz, qadın qrupları, icmalar və BMT sistemi ortaq şəhər gələcəyi ətrafında bir araya gəlib".

E-huquq.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini, xanım Amina Mohammed deyib.

O bildirib ki, mənzil məsələlərinə insan və ləyaqət prizmasından yanaşmaq lazımdır:

"Kənd icmalarından tutmuş böyük şəhərlərə qədər mənzil dayanıqlılığı gücləndirməli, mədəniyyət və sosial-iqtisadi həyatı bərpa etməli, gələcəyi insan mərkəzli formalaşdırmalıdır. Azərbaycanın apardığı yenidənqurma bu baxımdan nümunədir. Dünyanın iqlim fəlakətləri, münaqişələr, bərabərsizlik və maliyyə məhdudiyyətləri ilə üzləşdiyi bir dövrdə forum çoxtərəfli əməkdaşlığın, çoxsəviyyəli idarəetmənin və yerli fəaliyyətin vacibliyini göstərdi".

O əlavə edib ki, WUF13 BMT sistemi çərçivəsində mənzil böhranı və urbanizasiya məsələlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün strateji sürətləndirici rolunu nümayiş etdirdi:

“Mənzil böhranının həlli yalnız bir qurumun məsuliyyəti deyil. Bu, mənzil, iqlim, səhiyyə, nəqliyyat, miqrasiya, məşğulluq, rəqəmsallaşma, enerji, su, fəlakət riskinin azaldılması, gender və sosial müdafiə kimi sahələri əhatə edir. BMT-Habitat bu fəaliyyətləri koordinasiyalı şəkildə həyata keçirir və Dayanıqlı İnkişaf Gündəliyi üzrə irəliləyişi dəstəkləyir".

Amina Mohammed vurğulayıb ki, bütün cəmiyyət üzvləri, xüsusilə yerli və regional hakimiyyət orqanları ilə əməkdaşlıq vacibdir:

“Şəhərlər hər kəs üçün işləməlidir – uşaqlar, qadınlar, gənclər, əlilliyi olanlar, yaşlılar, miqrantlar, məcburi köçkünlər və qeyri-rəsmi məskunlaşmalarda yaşayanlar üçün. COP31, BMT Su Konfransı və Yeni Şəhər Gündəliyi kimi mühüm mərhələlərdə yerli səviyyədə uyğunlaşma əsas prioritetdir. Forumda nümayiş etdirilən enerji və tərəfdaşlıqlar bizə ümid verir. Biz birlikdə çalışaraq inklüziv, dayanıqlı və insan ləyaqətini mərkəzə qoyan icmalar və şəhərlər qura bilərik. Dünyanı yaşayışla təmin etməyin və hər kəsə ləyaqətli həyat verməyin vaxtıdır.”