Azərbaycanda xüsusi karantin rejiminə dair məhdudiyyətlərin bir qismi aradan qaldırıldı


  • 31 May 2020 00:18

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılıb.

Operativ Qərargahdan e-huquq.az-a verilən xəbərə görə, eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Qərargah hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırıb. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Oxşar xəbərlər