Bütün dünyanı cənginə almış COVID-19 infeksiyası Azərbaycanda da xeyli sayda insanın həyatına son qoyub. Statistikaya görə, bugünədək ölkəmizdə 2294 nəfər koronavirusun qurbanı olub. Onların arasında məşhur simalar, ictimai-siyasi xadimlər, eləcə də hakim və vəkillər də var.
E-huquq.az koronavirusdan vəfat edən hakim və vəkillər barədə məlumatları təqdim edir:

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov. 55 yaşlı hakim müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.
Namiq Eyyub oğlu Məmmədov 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-2000-ci illərdə Vəkillər Kollegiyasının üzvü, vəkil kimi fəaliyyət göstərib. 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007 – 2013-də Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apelyasiya Məhkəməsinin hakimi olub.
2017-ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin hakimi işləyirdi.

Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fuad Soltanov. O, 48 yaşında COVID-19-dan vəfat edib. F.Soltanov daha əvvəl icra məmuru və Lənkəran Rayon Məhkəməsinin hakimi olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Mehdixan Abdullayev. O, 60 yaşında koronavirusdan vəfat edib. M.Abdullayev 1994-2008-ci illərdə Hərbi prokurorluqda müxtəlif vəzifələrdə çalışıb.
2008–2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-ci ildən isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
.jpg)
Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov. O, ADİSAD hüquq firmasina rəhbərlik edirdi. Adil İsmayılov 1955-ci ildə Bakı şəhərində doğulub. 1973-1978-ci illər arası Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universitetinin) Hüquq fakültəsini bitib. Sovet dönəmində prokurorluq orqanlarında müstəntiq kimi fəaliyyət göstərib. XX əsrin 90-cı illərindən ömrünün sonuna kimi vəkilik sahəsində fəaliyyət göstərib.

Tərtər rayon Vəkil Bürosunun vəkili Yusif Seyidov. O, 1991-1995-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. 8 il vəkillik fəaliyyəti ilə məşğul olan Y.Seyidov ailə hüququ, cinayət hüququ, vərəsəlik hüququ, əmlak və əşya hüququ sahələri üzrə ixtisaslaşmışdı.

Vəkillər Kollegiyasının üzvü Rəfiqə Seyidova. O, 62 yaşında koronavirusdan dünyasını dəyişib. R.Seyidova 14 saylı Vəkil Bürosunun vəkili idi.

Vəkillər Kollegiyasının üzvü Tahir Əlirzayev. O, 49 yaşında COVID-19-un qurbanı olub. T.Əlirzayev 22 saylı vəkil bürosunun sədri idi.

Vəkillər Kollegiyasının üzvü Əli Ələkbərov. O, müalicə aldığı xəstəxanada COVID-19 infeksiyasından dünyasını dəyişib. 44 ildir vəkillik fəaliyyəti ilə məşğul olan Ə.Əkbərov "Lider" vəkil bürosunun rəhbəri idi.
