Vətən müharibəsində əhaliyə, infrastruktura və sahibkarlıq obyektlərinə dəyən ziyanın məbləği açıqlandı


  • 14 Yanvar 18:57

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın məbləği məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır: “Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat məbləğində, kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat, sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat, Tərtər Pambıq zavoduna 3 milyon 524,6 min manat, infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat, fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililərin təmir-bərpası üzrə 19 milyon 200 min manat, dağıdılmış qəzalı fərdi yaşayış evləri üzrə 13 milyon 919, 5 min manat, dağıdılmış qəzalı çoxmənzilli evlərdə mənzillər üzrə (Gəncə şəhəri) 8 milyon 800 min manat, dağıdılmış qəzalı digər tikililər üzrə 994 min manat, 6 143 ailəyə ilkin yardım kimi verilən 9 milyon 68 min 128 manat həcmində qiymətləndirilib”.

Qeyd edək ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasına 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılmışdı.

Oxşar xəbərlər