Məzmuna keç

Bu gün gömrük əməkdaşlarının peşə bayramı günüdür

Bu gün Azərbaycanda Gömrükçülərin Peşə Bayramı Günü kimi qeyd edilir.

E-huquq.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb.

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanları dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edərək qarşıya qoyulan bütün vəzifələri vicdanla yerinə yetirməkdədir. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb.

Son illər ölkədə həyata keçirilən innovativ layihələr hesabına fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin səmərəli təşkili, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, xidmətlərin əlçatanlığının və xüsusilə şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə edilib.

Bu gün COVID-19 pandemiyasının iqtisadiyyatda yaratdığı qlobal problemlərə baxmayaraq gömrük orqanlarının faəliyyətini səmərəli şəkildə qurması nəticəsində büdcə öhdəliyinin yerinə yetirilməsi, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, hüquqpozmaların qarşısının alınması istiqamətində ciddi işlər görülüb.

Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.