Məzmuna keç

Deputat: “İslahatlardan sonra məhkəmələrin tamamilə yeni şəkildə fəaliyyət göstərməsinin şahidi olacağıq”

Deputat məhkəmə sisteminə etimadın daha da artması üçün amillərini açıqladı

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Bəs müvafiq fərman ölkədə məhkəmələrin fəaliyyətinə hansı müsbət dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə əlaqədar deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalıya müraciət etdik.

Millət vəkili e-huquq.az-a bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də islahalatlar aparılır: “Bu sahədə islahatların aparılması üçün Prezident tərəfindən müvafiq fərman imzalanıb. Mən əminəm ki, islahatlardan sonra məhkəmələrin tamamilə yeni şəkildə fəaliyyət göstərməsinin şahidi olacağıq. Məhkəmələr bu və ya digər təsirlərdən uzaq olacaqlar, neqativ hallara yol vermədən həqiqətin, hüququn, vətəndaşların hüquqlarının qorunmasının yanında olacaqlar".

F. Ağamalı məhkəmə hakimlərinin məvaciblərininin artırılmasını da stimullaşdırıcı faktor kimi dəyərləndirib: “Məhkəmə hakimlərinin maaşının artırılması da yetərincə ciddi stimallaşdırıcı faktordur ki, məhkəmələr ədalət meyarlarına söykənərək hüququn aliliyini təmin etsin”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda hüququn aliliyini və vətəndaşların pozulmuş hüquqlarını obyektiv və vicdanla qoruyan kifayət qədər məhkəmələr var: “Bununla belə, məhkəmə-hüquq sistemində bəzi xoşagəlməz hallar mövcuddur. Lakin görülən təbdirlərə baxmayaraq, bəzi hakimlər məhkəmələri öz neqativ məqsədləri üçün istifadə edirlər. Digər tərəfdən, 10-15 il əvvəllə müqayisədə məhkəmə sahəsində xeyli müsbət irəliləyiş var”.

Millət vəkilinin fikrincə, məhkəmə sistemi sərbəst olmalı və hüququn aililiyinə söykənməlidir: “Belə olan halda vətəndaşların məhkəmə sisteminə inamı və etimadı daha da çox olacaq”.

Məftun Salmanov