İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat rəhbərlərinin görüşü keçirilib.
E-huquq.az xəbər verir ki, görüş zamanı çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu həyata keçirilir.
Onun sözlərinə görə, komissiyanın üzvləri, katibliyi və işçi qrupları bir tərəfdən dövlət qurumlarının nümayəndələri, digər tərəfdən isə özəl sektorun təmsilçilərindən ibarət olmaqla, həm də beynəlxalq təşkilatların aparıcı konsaltinq şirkətləri və beyin mərkəzlərini, qeyri-hökumət təşkilatlarını əhatə edir: “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu uzun müddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, çevik mobil struktura malik idarəetmə sistemini qabardır. Azərbaycanda ilk dəfə olaraq, dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticə əsaslı olmasına zəmin yaradır. Bu tip dövlət-özəl dialoqunun həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların inklüziv, nəticə əsaslı, kompleks sistemli olmasını təmin edir”.
V.Qasımlı qeyd edib ki, Azərbaycanda dövlət-özəl dialoqunun həyata keçirilməsi yaxşı idarəetmə sisteminə uyğundur: “Digər tərəfdən isə dövlət-özəl dialoqunun həyata keçirilməsi vətəndaş iştirakçılığı üçün geniş imkanlar yaradır. Beləliklə, iqtisadi siyasət fövqündə insan amili dayanır, iqtisadi siyasət Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir. Çünki iqtisadi siyasətin formalaşmasında Azərbaycan vətəndaşı, müxtəlif təşkilatlanma formalarına – beyin mərkəzləri, ictimai təşkilatlar, biznes strukturları və dövlət strukturları vasitəsi ilə yaxından iştirak edir”.
İİTKM-nın icraçı direktoru deyib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın koordinasiyası ilə fəaliyyət göstərən www.azranking.az portalı vətəndaşın özünün də islahat prosesində yaxından iştirakı üçün şərait yaradır: “Məhz belə mütəşəkkil qaydada həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, bu gün Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında dünyanın top islahatçı ölkəsi kimi qiymətləndirilərək 190 ölkə arasında 25-ci yeri tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu il reytinqdə daha da irəliləyəcəyimiz güman olunur”. V.Qasımlı danışıqlar zamanı həmçinin, ictimai təşkilatları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işində daha yaxından iştirak etməyə, ayrı-ayrı işçi qruplarda təmsil olunmağa dəvət edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O, portalın funksionallığı, eyni zamanda “Elektron Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar təqdim edib.
Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın rəqəmsal təşkili üçün yaradılıb. Portalda komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalda komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Ədliyyə Nazirliyinin İnformasiya təminatı şöbəsinin rəisi Qismət Qurbanov Prezidentin Fərmanı əsasında yaradılan “Fərdi elektron pəncərə” elektron sistemi barədə iştirakçılara geniş məlumat verib.
Təqdimatın ardınca ictimai təşkilatın nümayəndələri çıxış ediblər. Onlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətində yaxından iştirak etməkdə maraqlı olduqlarını, bundan sonrakı prosesə daha geniş tərkibdə qoşulacaqlarını bildiriblər.
