Bu gündən bütün elm və təhsil müəssisələrinin işçiləri və tələbələr üçün "Peyvənd sertifikatı"na dair yeni tələb qüvvəyə minir.
E-huquq.az xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə fevralın 15-dən etibarən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən "Peyvənd sertifikatı"nın və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən "Əks-göstəriş sertifikatı"nın olması tələb ediləcək.
Eyni zamanda fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən "Peyvənd sertifikatı" və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən "Əks-göstəriş sertifikatı"nın olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.
Qeyd edək ki, fevralın 15-dən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirus əleyhinə peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
