Məzmuna keç

Nazir köməkçisi və şöbə müdiri vəzifələrinə vakansiya elan edildi

Yanvarın 21-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.

E-huquq.az-ın məlumatına görə, elan üzrə 2 dövlət orqanında mövcud olan 9 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 39 namizəddən 36-nın müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi, nazirin köməkçisi (1 vakant yer üzrə 7 namizəd), Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 6 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin fevralın 24-dən martın 10-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.