"Caspian Energy Club"un yeni İdarə Heyətinin birinci toplantısı keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, toplantı zamanı "Caspian Energy Club"un yeni strukturu və 2022-ci il üçün strateji plan təsdiq edilib. "Caspian Energy Club"un İdarə Heyətinin qərarına əsasən 2022-ci ilin beynəlxalq fəaliyyəti Türkiyə, Gürcüstan, Qazaxstan, Özbəkistan, ABŞ və Avropa ölkələrinə fokuslandırılıb.
"İdarə Heyətinin ilk toplantısı olmağına baxmayaraq, toplantı yetərincə produktiv keçdi. Beləliklə, biz 2022-ci il üçün"Caspian Energy Club"un fəaliyyətinin əsasən regional sahibkarlığın və gənclərin inkişafına yönləndirəcəyik həmçinin "Caspian Energy Club"un xaricdə yerləşən ofislərinin fəaliyyətinin aktivləşməsinə fokuslanacayıq. Bunun üçün artıq İdarə heyəti tərəfindən bir sıra lahiyələr təstiq olundu və regionlara bir sıra biznes-turlar planlaşdırıldı. Artıq may ayında Naxçıvan Muxtar Respublikasına bizim ilk biznes-turumuz baş tutacaq. Bu biznes tur çərçivəsində şirkətlər həm Naxçıvanda yerləşən müəssisələrlə tanış olacaq, həmçinin Naxçıvandakı sahibkarlarla B2B formatda görüşəcək. Gənclərin inkişafı və kadrların formalaşmasına dair tərəfimizdən artıq Azərbaycan Texniki Universiteti ilə sıx əməkdaşlığın təməli qoyulub. "Caspian Energy Club" rəhbərliyi və üzvləri tərəfindən bir sıra treninqlər artıq keçirilib. İl ərzində biz həm Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, həmçinin digər Ali təhsil müəssisələrində tələbələr ilə maarifləndirici görüşlər və onların məşğulluq səviyyəsinin artırılmasına dair lahiyələri həyata keçirəcəyik”, – T.Əliyev bildirib.
Baş direktor həmçinin bildirib ki, toplantı çərçivəsində idarə heyəti qarşısında xarici ölkələrdə yerləşən ofislərin fəaliyyətinin aktivləşdirilməsi, regionlarda yerli sahibkarların və gənc nümayəndələrin inkişafı və sahələr üzrə təkmilləşdirilməsi, korporativ sosial məsuliyyətin "Caspian Energy Club" üzvləri arasında qaldırılması üçün marifləndirici tədbirlərin keçirilməsi və yeni layihə proqramlarının hazırlanması, ali təhsil müəssələri ilə birlikdə kadrların yetişdirilməsi və onların işə götürmə prosesində "Caspian Energy Club" üzvlərinin aktiv iştirakı və s. kimi mövzular qaldırılıb.
Qeyd edək ki, "Caspian Energy Club"un 2022-ci il İdarə Heyətinin üzvləri Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelli Group), Rəşad Abasov (Ase Logistics Group), Fərid Məmmədov (Caspian Event Organisers), Ruslan Əliyev (Azeriqaz İB), İlkin Şabanov (Delta Qrup C.O. MMC), Savaş Uzan (Azərsun Holding), Aydın Rəhmanov (Qala Həyat /Qala Siğorta ASC), Fuad Allahverdiyev (AzerTelecom), Əsəd Nəsrullayev (Debet Safety), Zaur Darabzadə (Cinema Plus), Nəriman Məmmədov(Nariman Film MMC) seçilib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
