Məzmuna keç

Ali Məhkəmə əməkdaşlarının koronavirusa yoluxması barədə xəbərlərə RƏSMİ MÜNASİBƏT

Ali Məhkəmənin inzibati binasında COVID-19 pandemiyasının geniş yayılması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, Ali Məhkəmənin Ümumiləşdirilmiş Şöbəsinin əməkdaşlarının biri vasitəsi ilə virus məhkəmə binasında çalışan bir çox şəxslərə keçib. Vəziyyəti pisləşən bir neçə nəfəri elə məhkəmə binasından Təcili Tibbi Yardımla ixstisaslaşdırılmış xəstəxanaya aparıblar. Xəbərdə, həmçinin virusa yoluxanlar arasında hakimlərin də olduğu qeyd olunub.

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli e-huquq.az-a açıqlamasında yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, mətbuatda yayılan informasiya tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

"Ali Məhkəmənin bütün heyəti koronavirus testindən keçirilib. Bugünədək nə hakimlər arasında, nə də digər əməkdaşlarımızda koronavirusa yoluxma halı aşkar edilməyib. Onu da qeyd edim ki, əməkdaşlarımız hər gün koronavirusa görə müvafiq yoxlamadan keçdikdən sonra binaya buraxılır", – deyə A.Məmmədli bildirib.