Panamada oktyabrın 9-da baş verən 7,7 maqnitudalı zəlzələ zamanı xəsarət alan 2 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Panamanın səhiyyə qurumları zəlzələ nəticəsində itkin düşən şəxslərin olmadığını, müalicə alan yaralıların sayının isə 30-dan az olduğunu açıqlayıb.
Rəsmi məlumatda fəlakətdən sonra xəsarət alan 2 nəfərin vəfat etdiyi, 13 mindən çox insanın isə zəlzələdən zərər çəkdiyi qeyd olunub.
Zəlzələnin episentrinin ölkənin kənd ərazilərindən biri olan Azuero yarımadasında yerləşdiyi bildirilib.
Güclü yeraltı təkanlar yaşayış məntəqələrinə və yollara ciddi ziyan vurub.
Zərərçəkənlərin bir hissəsi əhalinin köməyi ilə qurulan çadırlarda və açıq ərazilərdə gecələməli olub.
Son rəsmi məlumatlara görə, evləri dağılan və ya ciddi zədələndiyi üçün yaşayış üçün yararsız vəziyyətə düşən 2 mindən çox insan 55 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib.
Bundan başqa, oktyabrın 9-da baş verən 7,7 maqnitudalı zəlzələdən sonra qeydə alınan afterşokların sayı 1000-i ötüb.
Qeyd edək ki, Panamada hökumət ölkənin cənubunda baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Şəbnəm Mehdizadə
