Məzmuna keç

Türkiyədə mədəndə partlayış: 3 ölü, 5 yaralı

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda yerləşən kömür mədənində metan qazının partlaması nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Gelik qəsəbəsinin Dereici ərazisindəki özəl kömür mədənində baş verib.

Partlayış barədə məlumat daxil olduqdan sonra əraziyə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Zonquldak valisi Osman Hacıbektaşoğlu xəstəxanaya gedərək yaralıları ziyarət edib və aidiyyəti şəxslərdən hadisə barədə məlumat alıb.

Vali jurnalistlərə açıqlamasında partlayışın saat 10:00 radələrində baş verdiyini bildirib.

Daha sonra hadisə yerinə gedən vali ərazidə araşdırma aparıb və görülən işlərlə bağlı məlumatlandırılıb. 

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hadisənin yaxından izlənildiyini bildirib. Onun sözlərinə görə, partlayışdan dərhal sonra əraziyə göndərilən AFAD, jandarm, təcili tibbi yardım və xilasetmə qrupları fəaliyyətlərini davam etdirirlər.

Nazir mədəndə zəruri təhlükəsizlik yoxlamalarının diqqətlə aparıldığını qeyd edərək, həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek partlayışla bağlı Zonquldak Respublika Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz istintaqa başlanıldığını açıqlayıb.

İstintaq metan qazının toplanması nəticəsində baş verdiyi bildirilən partlayışın səbəblərinin müəyyənləşdirilməsinə yönəlib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da həlak olan mədən işçiləri ilə bağlı başsağlığı mesajı yayıb.

O, hadisə yerində aidiyyəti qurumların fəaliyyət göstərdiyini, müdaxilə və araşdırma tədbirlərinin diqqətlə davam etdirildiyini bildirib.

Duran həlak olanların ailələrinə səbir diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.

Şəbnəm Mehdizadə