ABŞ-də hakimlər süni intellektin getdikcə daha real görüntülər, videolar, sənədlər və səs yazıları yaratmaq imkanlarının genişlənməsi fonunda məhkəmələrə təqdim olunan sübutların etibarlılığı ilə bağlı ciddi narahatlıq keçirirlər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatının Alameda Məhkəməsində baxılan mənzil mübahisəsi ilə bağlı işdə hakim Viktoriya Kolakovski təqdim olunan videoda şahidin üz ifadələri ilə səs hərəkətləri arasında uyğunsuzluqlar aşkar edib. Araşdırma nəticəsində videonun süni intellekt vasitəsilə hazırlandığı müəyyənləşdirilib.
Sənəddə real şahid kimi təqdim olunan video hakim tərəfindən “deepfake” (saxta rəqəmsal görüntü) kimi qiymətləndirilib və sentyabrın 9-da işə xitam verilib. İşə yenidən baxılması ilə bağlı müraciət isə noyabrın 6-da rədd edilib.
Kolakovskinin sözlərinə görə, bu hadisə süni intellektlə yaradılmış saxta görüntülərin məhkəmədə sübut kimi təqdim edildiyi ilk nümunələrdən biridir və daha böyük təhlükənin xəbərçisi ola bilər.
Minnesota ştatının 10-cu məhkəmə dairəsinin hakimi Stoni Hiljus da getdikcə daha çox hakimin bu məsələ ilə bağlı narahatlıq keçirdiyini bildirib.
“Hakimlər həqiqətə uyğun olmayan sübuta əsaslanaraq insanların həyatına təsir edəcək qərar verməkdən qorxurlar”, – deyə o vurğulayıb.
Luiziana ştatının Beşinci Apellyasiya Məhkəməsinin hakimi Skott Şleqel saxta səs yazılarının asanlıqla hazırlana biləcəyini və bunun xüsusilə mühafizə orderləri kimi təcili qərar tələb edən proseslərdə yanlış nəticələrə gətirib çıxara biləcəyini bildirib.
O, təhlükəni izah edərkən həyat yoldaşının 30 ildir onun səsinin müxtəlif nümunələrinə sahib olduğunu qeyd edib. Hakimin sözlərinə görə, cəmi 10 saniyəlik səs nümunəsindən istifadə etməklə təhdid məzmunlu saxta qeyd hazırlamaq və bunu məhkəməyə təqdim etmək mümkündür. Belə bir material əsasında hakim yanlışlıqla mühafizə qərarı çıxara bilər.
Kaliforniyanın Santa-Klara dairəsi Məhkəməsinin hakimi Erika Yunun fikrincə, “deepfake” sübutlardan düşündüyümüzdən daha çox istifadə olunur. Bununla belə, belə halların qeydə alındığı vahid sistem mövcud deyil.
Milli Ştat Məhkəmələri Mərkəzi və “Thomson Reuters” İnstitutu hakimlərə saxta rəqəmsal sübutlarla mübarizədə kömək etmək məqsədilə xüsusi təlimat dərc ediblər.
Təlimatda hakimlərə sübutların həqiqiliyini müəyyənləşdirmək üçün bir sıra suallara cavab axtarmaq tövsiyə olunur:
– Sübutun ilkin mənbəyi nədir?
– Sübuta kimlər çıxış əldə edib?
– Faylda hər hansı dəyişiklik edilibmi?
– Məlumatı təsdiqləyən əlavə sübutlar varmı?
Bəzi hüquqşünaslar mövcud sübutların yoxlanılması qaydalarının yetərli olmadığını və süni intellektlə bağlı xüsusi hüquqi tənzimləmələrə ehtiyac duyulduğunu düşünürlər.
Lakin ABŞ Məhkəmə Konfransı may ayında təqdim edilən təklifləri qəbul etməyib və qüvvədə olan qaydaların kifayət etdiyi qənaətinə gəlib.
Ekspertlər hesab edirlər ki, süni intellekt vasitəsilə saxtakarlığın genişlənməsi vəkillərin də məhkəməyə təqdim olunan materialların mənşəyini və etibarlılığını daha diqqətlə araşdırmasını zəruri edəcək.
Luiziana ştatında bu il qəbul edilən qanun vəkillərin müştəriləri tərəfindən təqdim olunan sübutların hansı üsulla yaradıldığını araşdırmasını tələb edir.
Rəqəmsal sübutlar üzrə mütəxəssis Daniel Qarri isə yalnız texniki vasitələrə güvənməyin kifayət etməyəcəyini, insan ekspertizasının da mühüm rol oynayacağını bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə metaverilənlər, faylın yaradılma tarixi, istifadə olunan cihazın modeli və redaktə tarixçəsi kimi ilk baxışda görünməyən məlumatlar sübutların həqiqiliyinin yoxlanılmasında əsas vasitələrdən birinə çevrilə bilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellektlə hazırlanmış saxta materialların getdikcə daha inandırıcı görünməsi məhkəmə sisteminin əsas prinsiplərindən biri olan sübutların etibarlılığına ciddi zərbə vura bilər.
Şəbnəm Mehdizadə
