“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası korrupsiya ilə bağlı ortaq problemlərin nəzərdən keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abd Halim bin Aman deyib.
O bildirib ki, iki gün davam edən konfrans ərzində korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı həll yolları müzakirə edilib və müvafiq təkliflərin qəbul olunmasına nail olunub: “Bu gün isə iki gün ərzində aparılan müzakirələrə dair hökumətimizin mövqeyini və fikirlərini ifadə etmək imkanımız oldu”.
Xarici qonaq açıqlamasında ölkəmizlə bağlı fikirlərini də bölüşüb: “Azərbaycan çox gözəl ölkədir, Bakı isə zəngin tarixə malik şəhərdir. Azərbaycan xalqı, xüsusilə Bakı sakinləri çox mehriban və qonaqpərvərdirlər. Onlar qonaqlara elə münasibət göstərirlər ki, insan özünü yerli sakinlərdən biri kimi hiss edir. Bizə heç vaxt yad kimi yanaşılmır. Buna görə də Azərbaycanda, Bakıda olduğumuz zaman özümüzü çox xoşbəxt, rahat və səmimi qarşılanmış hiss edirik. Hətta burada qalmaq istəyirik”.
Şəbnəm Mehdizadə
