Vətəndaş İrlanə Qasımova Bağırzadə Camal Ramazan oğlu barəsində Daxili İşlər Nazirliyinə müraciət edib.
E-huquq.az xəbər verir ki, bu barədə vətəndaşın özü sosial şəbəkələrdə paylaşım edib.
İrlanə Qasımova iddia edir ki, Camal Bağırzadə vəkil adından qanunsuz istifadə edərək onu və anasının 19 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib: “Hazırda şikayətim əsasında cinayət işi ilə bağlı Camal Bağırzadə barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır”.
O, DİN rəhbərliyinə müraciətində sözügedən işlə bağlı Camal Bağırzadənin tez bir zamanda tutularaq istintaqa cəlb olunması barədə göstəriş verilməsini xahiş edib: “Camal Bağırzadə sosial şəbəkələrdə mənim və ailə üzvlərimi paylaşaraq şantaj edir. Xahiş edirəm ki, mənim səsimə səs verərdiz”.
Qeyd edək ki, daha əvvəl Bağırzadə Camal Ramazan oğlu vəkil adından qanunsuz istifadə edərək cəzalanmışdı. Belə ki, onun vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Daha sonra həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.
