“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcək”.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib.
O bildirib ki, bu gün Bakıda keçirilən görüşdə 250-dən çox iştirakçı iştirak edir. Onlardan 46-sı üzv və müşahidəçi dövlətləri, 8-i isə beynəlxalq təşkilatları təmsil edir.
“Bugünkü görüşün əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, məlumat mübadiləsini və qabaqlayıcı tədbirlər üzrə təcrübə mübadiləsini asanlaşdırmaq, eyni zamanda, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin qaytarılmasını təmin etməkdir”, – deyə T.Rəhimli qeyd edib.
O, tədbirin mühüm nəticələrindən birinin Azərbaycanın Baş Prokurorluğunun müvafiq büroya yekdilliklə iki il müddətinə üzv seçilməsi olduğunu vurğulayıb: “Bu, bizə tərəfdaşlarımızla, eləcə də korrupsiyaya qarşı mübarizə aparan qurumlarla əməkdaşlığı daha da gücləndirmək və cəmiyyətimizdə korrupsiyanın tamamilə aradan qaldırılmasına nail olmaq imkanı verəcək”.
T.Rəhimli digər mühüm məsələnin Məkkə Konvensiyasının imzalanması olduğunu da diqqətə çatdırıb: “Bu konvensiya korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq üçün hüquqi çərçivə yaradır. Bununla həm məlumat mübadiləsi, həm də qabaqcıl təcrübələrin paylaşılması asanlaşır. Sənəd birgə istintaq tədbirlərinin həyata keçirilməsinə, qarşılıqlı hüquqi yardımın göstərilməsinə, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin müəyyənləşdirilməsinə, müsadirə edilməsinə və geri qaytarılmasına imkan yaradır”.
O əminliyini ifadə edib ki, bugünkü görüş üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu sahədə birgə səylərin artırılmasına töhfə verəcək.
Şəbnəm Mehdizadə
