Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Masterklass” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib.
E-huquq.az xəbər verir ki, “Hüquq və əxlaq” mövzusuna həsr olunan tədbirin qonağı tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev olub.
Tədbirin açılışında çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev vəkil Şaiq Mirzəyevin peşəkar və elmi fəaliyyətindən bəhs edərək onun təsisçisi olduğu “e-huquq.az” hüquq portalının fəaliyyətinə toxunaraq onun qısa müddət ərzində populyarlıq qazanaraq hüquqşünaslar, həmçinin tələbələr üçün faydalı və etibarlı mənbə olduğunu vurğulayıb.
Fakültə dekanı tanınmış vəkil Şaiq Mirzəyevi 50 illik yubileyi münasibətilə təbrik edib və fakültə adından onu fəxri fərmanla təltif edib.
Şaiq Mirzəyev dəvətə və təltifə görə təşəkkürünü bildirərək hüquqşünaslıq peşəsinin özünəməxsus xüsusiyyətləri, uğurlu hüquqşünası səciyyələndirən əsas keyfiyyətlər, hüquq və əxlaq normalarının qarşılıqlı əlaqəsi, eləcə də əxlaqi dəyərlərin cəmiyyətin həyatındakı rolu barədə fikirlərini bölüşüb.
Görüş zamanı hüquq və əxlaq prinsiplərinin qanunvericilikdə əks olunması, hüquqi yazı mədəniyyəti və hüquqşünasın peşə fəaliyyətində etik dəyərlərin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tələbə və müəllim heyətinin böyük marağına səbəb olan görüş hüquq sahəsində nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi, tələbələrin peşə dünyagörüşünün genişləndirilməsi və gələcək hüquqşünasların peşəkar inkişafı baxımından əhəmiyyətli olub.


