İtaliyanın Dolomit bölgəsində buzlaqların əriməsi nəticəsində Birinci Dünya müharibəsindən qalma təxminən 250 ədəd hərbi sursat aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Ordusunun “Julia” Alp Briqadasının məlumatına görə, Trentino-Alto Adige bölgəsində artilleriya və minaatan mərmiləri, eləcə də digər partlamamış sursatlar aşkarlanıb. Onların bir hissəsi 1915-1918-ci illərdə İtaliya və Avstriya-Macarıstan arasında gedən döyüşlərdən qalıb və bir əsrdən çox qar və buz altında olduğu ehtimal edilir.
Sursatların təmizlənməsi əməliyyatı avqustun əvvəlində başlayıb və oktyabrın 16-da başa çatıb. İşlər yüksək dağlıq ərazilərdə və çətin relyef şəraitində aparılıb. Təhlükəsizlik məqsədilə bəzi dağ marşrutları müvəqqəti bağlansa da, hazırda yenidən istifadəyə verilib.
Yerli rəsmilər bildirirlər ki, 2025-ci ilin qışında qarın az yağması və 2026-cı ilin yayında həddindən artıq isti hava Trentino bölgəsində buzlaqların əriməsini sürətləndirib. Bu isə əvvəllər buz altında qalan partlamamış hərbi sursatların üzə çıxmasına səbəb olub.
Səlahiyyətlilər yürüşçülərə və dağ sakinlərinə şübhəli sursatlara toxunmamağı, onları tərpətməməyi və belə tapıntılar barədə yerli hakimiyyət orqanlarına məlumat verməyi tövsiyə edirlər.
Şəbnəm Mehdizadə
