Məzmuna keç

Bəbir hücumuna məruz qalan zoopark əməkdaşı ölüb

Niderlandda çalışdığı safari parkında bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı aldığı xəsarətlər nəticəsində bir neçə gün sonra həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beekse Bergen” safari parkında təxminən 40 il çalışan və adı açıqlanmayan qadın əməkdaş oktyabrın 24-də, şənbə günü bəbirin hücumuna məruz qalıb. O, aldığı ağır xəsarətlərdən çərşənbə axşamı vəfat edib.

Park rəhbərliyi çərşənbə axşamı yaydığı açıqlamada əməkdaşın ölüm xəbərini dərin kədərlə qarşıladıqlarını bildirib.

Açıqlamada onun vəfatının bütün kollektivi sarsıtdığı, ailəsinə, dostlarına və yaxınlarına başsağlığı verildiyi qeyd olunub.

“Associated Press” (AP) agentliyinin məlumatına görə, qadın iki erkək İran bəbiri ilə eyni bölmədə işləyərkən baş və boyun nahiyəsindən ağır xəsarətlər alıb.

Hadisədən sonra əməkdaş radioəlaqə vasitəsilə həmkarları ilə əlaqə saxlayıb. Şənbə günü yerli vaxtla saat 11:00 radələrində hadisə yerinə təcili tibbi yardım briqadası və helikopter göndərilib.

Xəstəxanaya çatdırılan qadın təcili əməliyyata alınıb. Lakin bazar günü axşam saatlarında onun vəziyyəti ağırlaşıb və o, bir neçə gün sonra dünyasını dəyişib.

Safari parkının rəhbərliyi bildirib ki, qadın 17 yaşında olarkən Niderlandın cənubunda yerləşən “Beekse Bergen” parkında işləməyə başlayıb və qısa fasilələr istisna olmaqla, təxminən 40 il ərzində burada fəaliyyət göstərib.

Qadın son 8 ildə bəbirlərlə işləyib. Hücum zamanı isə o, iki erkək İran bəbiri ilə birlikdə bölmədə tək olub.

Park rəhbərliyi bölmənin daxilində müşahidə kamerasının olmadığını bildirib. Hadisədən sonra heyvanlara adi qaydada qulluq edilməyə davam olunduğu qeyd edilib.

Qadının ölümü ilə bağlı hadisənin səbəblərini və şəraitini müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlanılıb.

Zoopark və safari parklarında heyvanların əməkdaşlara hücumu nəticəsində ölüm halları əvvəllər də qeydə alınıb.

2023-cü ildə Avstriyanın Zalsburq şəhərindəki Hellbrunn zooparkında kərgədanın hücumu nəticəsində bir əməkdaş həyatını itirib, daha bir nəfər isə yaralanıb.

Bundan iki il əvvəl isə Çilidəki safari parkında böyük pişiklərin saxlanıldığı bölmədə işləyən qadın pələngin hücumu nəticəsində ölüb.

Şəbnəm Mehdizadə