Məzmuna keç

ABŞ-də bu qrumun 41 mindən çox əməkdaşının məlumatları sızdırılıb

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) 41 mindən çox əməkdaş və podratçısına aid şəxsi məlumatların sızdırıldığı bildirilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatlarda adlar, telefon nömrələri, elektron poçt ünvanları, vəzifələr və xüsusi əməliyyatlarla bağlı təfərrüatlar yer alır.

Qeydlər qeyri-kommersiya şəffaflıq təşkilatı “Distributed Denial of Secrets” tərəfindən açıqlanıb. Sızdırılan məlumatların 21 mindən çoxunun ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP), təxminən 6 600-nün isə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarına aid olduğu bildirilir. Məlumatlarda həmçinin müşahidə, rəqəmsal kriminalistika və gizli əməliyyatlarda çalışan şəxslərlə bağlı qeydlər var.

Təşkilatın həmtəsisçisi Emma Best məlumatların “Department of Peace” adlanan qrup tərəfindən əldə edildiyini bildirib. Onun sözlərinə görə, məlumatların qurumun istifadə etdiyi “Okta” giriş xidmətindən götürüldüyü iddia edilir. Lakin “Okta” şirkəti sistemlərinin təhlükəsiz olduğunu və məlumatların ələ keçirilməsinə dair sübut olmadığını açıqlayıb.

“Reuters” məlumat bazasının tam həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilməsə də, bəzi əməkdaşların məlumatlarını digər mənbələrlə tutuşduraraq yoxlayıb. Hadisə ABŞ dövlət qurumlarına qarşı son dövrlərdə qeydə alınan məlumat sızmaları fonunda baş verib.

Şəbnəm Mehdizadə