Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 52A ünvanında yerləşən avtoservisin sahibi Elnur Namazov məhkəmə qərarından narazıdır.
E.Namazov e-huquq.az-a müraciətində bildirib ki, obyekti üç il əvvəl satın alıb, təmir işləri apardıqdan sonra isə fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, bir müddət əvvəl qonşuluqdakı obyektin sahibi onun barəsində məhkəməyə müraciət edib.
Mübahisəyə avtoservisin qarşısında talvarın quraşdırılması və qonşu obyektlə arakəsmənin tikilməsi səbəb olub.
E.Namazov bildirib ki, talvarı güclü yağışlar zamanı obyektin su basmasının qarşısını almaq məqsədilə quraşdırıb: “Əslində, obyektin üzərində əvvəldən də talvar olub. Sonradan öz hesabıma təmir işləri apardım və güclü yağışlar zamanı binaya su dolmaması üçün talvar quraşdırdım. Məqsədim son illərdə müşahidə olunan intensiv yağıntılar zamanı obyekti subasmadan qorumaq idi.
Qonşu ilə mübahisəyə səbəb olan divarın arxasında çərəz mağazası fəaliyyət göstərir. Mağazanın dörd pəncərəsi obyektin içərisinə baxır və həmin pəncərələr mağaza sahibi tərəfindən şkaflarla bağlanıb. Qonşunun işlətdiyi obyektdə dörd pənəcərədən ikisi qanunsuz şəkildə açılıb. Bu pəncərələr obyektin planında yoxdur. Yəni orada pəncərə nəzərdə tutulmayıb. Məhkəmə qərarına əsasən, qanunsuz açılan pənəcərə mənim tərəfimdən bağlandığı üçün mən onun hüquqlarını pozuram. Təmir işlərinə başlamazdan əvvəl qonşuya hava üçün boşluq saxlayacağımı bildirmişdim. Pəncərələrdən faktiki istifadə olunmadığını nəzərə alaraq, insanları narahat etməmək və müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə aranı yüngül konstruksiya – alçipan ilə bağladıq. Obyektin sahibi əvvəlcə buna etiraz etmədi, lakin bir neçə gün sonra narazılığını bildirməyə başladı”.
Şikayətçinin sözlərinə görə, qonşu obyektin sahibi daha sonra ondan ara kəsmənin və talvarın sökülməsini tələb edib. E.Namazov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə və digər qurumlara şikayətlər ünvanlanıb.
“Şikayətlərdən sonra müvafiq qurumlar məndən obyektə dair sənədləri tələb etdilər. Mən də mülkiyyət hüququmu təsdiq edən çıxarışı təqdim etdim. Həmin qurumların nümayəndələri dəfələrlə obyektə baxış keçirdilər. Heç bir qanun pozuntusu aşkarlanmayıb. Bundan sonra qonşu Suraxanı Rayon Məhkəməsinə müraciət etdi”, – deyə E.Namazov bildirib.
E.Namazov hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını lazımi qaydada araşdırmayıb və təqdim olunan sübutları hərtərəfli qiymətləndirməyib.
“Suraxanı Rayon Məhkəməsi iddianı təmin etdi. Halbuki hakim şəxsən əraziyə baxış keçirmişdi. Mənim qənaətimə görə, yekun qərar qəbul edilərkən təqdim etdiyim sənədlər və işin digər mühüm halları lazımi qaydada qiymətləndirilməyib.İş üzrə ekspertiza təyin olunmuşdu və ekspert qarşısında dörd sual qoyulmuşdu. Lakin təqdim edilən rəydə həmin suallara dəqiq cavab verilmədiyini düşünürəm. Bu məqamlar məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Bundan başqa, ekspert rəyinin iki ay ərzində hazırlanmalı olduğunu bildiyim halda, müvafiq əməkdaşın məhkəmə qərarından sonra obyektə baxış keçirməsi də suallar doğurur. Hesab edirəm ki, bu hal işin araşdırılması və yekun qərarın qəbul edilməsi baxımından aydınlaşdırılmalıdır”, – deyə şikayətçi vurğulayıb.
E.Namazov bildirib ki, Suraxanı Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman həm özünün, həm də vəkilinin səhhətində ciddi problemlər yaranıb və bu səbəbdən məhkəmə iclasının təxirə salınması xahiş olunub: “Vəkilim məhkəmə prosesində iştirak edə bilməyəcəyimizi bildirərək iclasın təxirə salınmasını istədi. Lakin işə bizim iştirakımız olmadan baxıldı və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Daha sonra kassasiya şikayəti verdik. Təəssüf ki, Ali Məhkəmə də şikayətimizi təmin etmədi”.
Şikayətçinin sözlərinə görə, hazırda iş üzrə əlavə kassasiya şikayətinə Ali Məhkəmənin Plenumunda baxılması gözlənilir.
E.Namazov işə yenidən obyektiv və hərtərəfli qiymət verilməsini istəyir: “Mənim əsas tələbim işin düzgün, obyektiv və hərtərəfli araşdırılması, ədalətli qərar qəbul edilməsidir. Məhkəmə prosesində obyektin mülkiyyət sənədləri, mövcud tikilinin vəziyyəti, ekspert rəyi və tərəflərin təqdim etdiyi sübutlar hərtərəfli qiymətləndirilməlidir. Bu, mənim şəxsi mülkümdür. Heç bir qanunsuz iş aparmamışam, kiminsə mülkünü zəbt etməmişəm, heç kimin yolunu kəsməmişəm və heç kimə haqsızlıq etməmişəm”.
Şikayətçi əlavə edib ki, məhkəməyə müraciət edən qonşusu ona məxsus ərazini zəbt edib: “Əslində, qonşunun mağazasının 30 kvadratmetrlik hissəsi qanuni olaraq mənə aiddir. Onun obyektinin ümumi sahəsi 50 kvadratmetrdir. Qonşu mənə məxsus olan 30 kvadratmetrlik ərazidə sanitar qovşaq və mətbəx tikib. Mən qonşuluq münasibətlərini nəzərə alaraq, əvvəllər bunu problem etməmiş, heç bir quruma şikayət etməmişdim. Əksinə, ərazidə abadlıq işləri aparmışam. Ancaq qonşum mənə qarşı iddia qaldırdıqdan sonra mən də həmin məsələ ilə bağlı ayrıca məhkəmə iddiası qaldırdım”, – deyə o qeyd edib.



Şəbnəm Mehdizadə
