ABŞ-nin Florida ştatında Baham adalarına uçmaq üçün havaya qalxan “Learjet 60” tipli özəl təyyarə yaşayış massivinə düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin alışması nəticəsində göyərtədəki 9 nəfər həyatını itirib.
Texas ştatındakı Austin-Bergstrom Beynəlxalq Hava Limanından Baham adalarında yerləşən North Eleuthera Hava Limanına istiqamət alan təyyarə yerli vaxtla saat 12:50 radələrində Florida ştatının Palm Biç dairəsi yaxınlığındakı Cresthaven yaşayış massivinə düşüb.
Təyyarənin yerə çırpılmasından sonra güclü partlayış baş verib və qalıqlar alovlara bürünüb.
ABŞ-nin nəqliyyat naziri Sean Duffy təyyarədə olan 9 nəfərin hamısının həlak olduğunu təsdiqləyib.
Qəzadan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təxminən 600 nəfər yaşayış massivindən təxliyə olunub.
Aviasiya qurumları hadisənin səbəblərini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Qəzadan sonra yayımlanan hava hərəkətinin idarə olunması üzrə radio danışıqlarının qeydləri təyyarənin düşməsindən əvvəlki son dəqiqələrdə baş verənləri üzə çıxarıb.
Mayami Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi ilə əlaqə saxlayan pilot təyyarədə yüngül və idarəolunan səviyyədə şəffaf buzlanmanın olduğunu, həmçinin orta şiddətli turbulentlik yaşandığını bildirib.
Ərazidə yağıntının başlamasından sonra daha yüksək uçuş hündürlüyünə qalxmaq üçün icazə istəyən pilot qısa müddət sonra təyyarənin sürətlə hündürlük itirməsi səbəbindən fövqəladə vəziyyət elan edib.
Pilotun radio danışıqları zamanı “Dəqiqədə 8 min fut alçalırıq. Kömək edin, kömək edin! Dəqiqədə 10 min fut alçalırıq!” dediyi eşidilib.
İdarəetmənin tamamilə itirildiyi son anlarda isə pilotun “Həddindən artıq sürət yığmışıq, dəqiqədə 20 min fut alçalırıq. Yerə çırpılacağıq!” ifadələrini işlətdiyi qeydə alınıb.
Şəbnəm Mehdizadə
