Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Hakimlər İttifaqının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hakimlərin iştirakı ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Aida Hüseyn qonaqları salamlayaraq müzakirə olunan mövzunun praktiki əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev bildirib ki, məhkəmə-hüquq sisteminin davamlı inkişafı və vahid məhkəmə təcrübəsinin formalaşdırılması hakimlərin bilik və peşəkar bacarıqlarının mütəmadi olaraq təkmilləşdirilməsini zəruri edir. O, mülki və kommersiya mübahisələrinə baxılması zamanı ortaya çıxan hüquqi və praktiki məsələlərin birgə müzakirəsinin işlərin hərtərəfli araşdırılmasına, qanunvericiliyin düzgün tətbiqinə və mübahisələrin səmərəli həllinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Görüş çərçivəsində həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Raqib Qurbanov və Mülki kollegiyasının hakimi Elşad Şamayev mövzu üzrə məruzələrlə çıxış ediblər. Məruzələrdə mülki və kommersiya mübahisələrinə baxılması zamanı məhkəmə təcrübəsində yaranan praktiki çətinliklər, qanunvericiliyin tətbiqi ilə bağlı məsələlər və diqqət yetirilməli olan əsas hüquqi məqamlar ətraflı təhlil olunub.
Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, səfər çərçivəsində tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar.






