İsveçdə bir neçə supermarket şəbəkəsinin soyutma sistemlərinə edilən kiberhücum nəticəsində soyuducu və dondurucularda temperatur yüksəlib, külli miqdarda ərzaq məhsulu yararsız hala düşüb.
E-huquq.az İsveç mətbuatına istinadən xəbər verir ki, hücum Stokholm da daxil olmaqla müxtəlif şəhərlərdəki supermarketlərə təsir edib. Hücum edənlər soyutma sistemlərinə müdaxilə edərək temperatur göstəricilərini dəyişdiriblər.
Öland adasındakı “Ica” mağazasının nümayəndəsi Mats Olsson bildirib ki, soyutma qurğularından birində temperatur 55 dərəcəyədək yüksəlib. Nəticədə mağazanın bir hissəsi su ilə dolub, ərzaq məhsullarına ciddi ziyan dəyib.
Ölkənin digər böyük supermarket şəbəkəsi “Coop” da hücumdan zərər çəkib. Şirkətin nümayəndəsi Karlos Kansino ölkə üzrə altı mağazada soyuducu və dondurucuların sıradan çıxması barədə məlumat daxil olduğunu açıqlayıb.
Oxşar hadisələr Belçikada da qeydə alınıb. RTL telekanalının məlumatına görə, “Delhaize” supermarket şəbəkəsinin bəzi mağazalarında soyuducuların temperaturu qəfil yüksələrək 15 dərəcəyə çatıb. Məhsulları qorumaq üçün bəzi mağazalarda soyuducu yük maşınlarından istifadə olunub.
Soyuq zəncirin pozulması nəticəsində bir sıra mağazalar soyuducularda saxlanılan məhsulları atmaq məcburiyyətində qalıblar.
Hücumların arxasında kimin dayandığı və hadisələrin ümumi miqyası hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə
