Portuqaliyada dövlət qulluqçuları əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və karyera imkanlarının genişləndirilməsi tələbi ilə 24 saatlıq tətilə başlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Həmkarlar ittifaqının proqnozuna görə, tətilə qoşulanların sayı işçilərin 80-90 faizini təşkil edə bilər.
Etirazlar mərkəzi, regional və yerli idarəetmə orqanlarının, eləcə də dövlət müəssisələrinin əməkdaşlarını əhatə edir.
Tətil səbəbindən bəzi məktəblərdə dərslərin təxirə salınacağı, xəstəxanalarda isə planlı əməliyyatların və həkim qəbullarının gecikəcəyi və ya ləğv olunacağı gözlənilir. Məhkəmə xidmətlərində də fasilələrin yaranacağı bildirilir.
Həmkarlar ittifaqının əsas tələbləri arasında gündəlik 10,20 avro dəyərində yemək talonunun verilməsi, dövlət sektorunda ştatların artırılması və karyera yüksəlişinə mane olan qiymətləndirmə sisteminin (SIADAP) yenidən qurulması yer alır.
Qeyd edək ki, Portuqaliyada həmkarlar ittifaqları mənzil böhranına qarşı etirazlarını da gücləndirir. Onlar noyabrın 14-nə təyin olunan ümumi tətil çağırışını bir daha gündəmə gətiriblər.
Şəbnəm Mehdizadə
