Məzmuna keç

Braziliyada pikap çaya düşüb: bir nəfər ölüb, digəri itkin düşüb

Braziliyanın Mato Qrosso do Sul əyalətində pikap tipli avtomobil İvinhema çayına düşüb. Hadisə nəticəsində bir nəfər ölüb, digər şəxsin axtarışları davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Anjelika və Nova-Andradina şəhərləri arasındakı ərazidə baş verib. İlkin ehtimala görə, 56 yaşlı Joao Luiz dos Santos idarə etdiyi avtomobillə qayıqların suya endirilməsi üçün nəzərdə tutulan eniş yolunu adi yol hesab edərək çaya doğru hərəkət edib.

Təhlükəsizlik kameralarına düşən görüntülərdə pikapın saniyələr ərzində suya qərq olduğu görünür. Hadisə şahidlərinin xilasetmə cəhdlərinə baxmayaraq, avtomobildəki şəxsləri xilas etmək mümkün olmayıb.

Axtarış-xilasetmə qrupları təxminən 6 metr dərinlikdəki avtomobildən 48 yaşlı Estela Tomazettonun meyitini çıxarıblar. Sürücünün cəsədi isə tapılmayıb.

Polisin ilkin ehtimalına görə, cütlük ərazini yaxşı tanımayıb. Hadisənin baş verdiyi yerdə xəbərdarlıq nişanlarının və işıqlandırmanın olmaması da qəzanın səbəblərindən biri ola bilər.

Hazırda itkin düşən şəxsin axtarışları və avtomobilin sudan çıxarılması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə