Yeni Zelandiyalı astrofotoqraf Brendan Larsen Taranaki dağının üzərində minlərlə peyk izini əks etdirən fotosunun süni intellekt vasitəsilə yaradıldığına dair iddialara cavab verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə milyonlarla baxış toplayan görüntü istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Larsen bu fotonu ərsəyə gətirmək üçün sentyabr ayında çəkiliş aparıb. O, iki saat ərzində hər biri səkkiz saniyəlik ekspozisiya ilə ümumilikdə 578 fotoşəkil çəkib.
Fotoqraf daha sonra Adobe Photoshop proqramında görüntülərin emalına təxminən 40 saat vaxt sərf edib. Ayrı-ayrı kadrlarda qeydə alınan peyk izlərinin birləşdirilməsi nəticəsində Yer orbitindəki intensiv peyk hərəkətliliyini əks etdirən qeyri-adi mənzərə ortaya çıxıb. Yekun görüntüdə təxminən 1400 peykdən qaynaqlanan 14 minədək iz Taranaki dağının üzərində sıx şəbəkə şəklində görünür. Oktyabr ayında sosial şəbəkələrdə yayımlanan foto qısa müddətdə milyonlarla baxış və reaksiya toplayıb. Görüntünün süni intellektlə yaradıldığına dair iddialara cavab olaraq Larsen çəkiliş və fotonun hazırlanma prosesini əks etdirən video da paylaşıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi isə görüntünün Yer orbitində peyklərin sayının artması və kosmik çirklənmə probleminin miqyası ilə bağlı narahatlıqları bir daha gündəmə gətirdiyini vurğulayıb. Qeyd edək ki, Yerətrafı orbitdə təxminən 16 min aktiv peyklə yanaşı, çoxlu sayda kosmik tullantı da mövcuddur. Mütəxəssislər kosmik fəaliyyətin intensivləşməsinin astronomik müşahidələrə və atmosferin vəziyyətinə mümkün mənfi təsirləri barədə xəbərdarlıq edirlər.
Brendan Larsen bildirib ki, onun fotosu kosmik resurslardan məsuliyyətli istifadə və kosmik çirklənmə problemi ilə bağlı ictimai məlumatlılığın artırılmasına töhfə verəcək.
Şəbnəm Mehdizadə
