Writing
Avropa Komissiyası artan böhran və fəlakət risklərinə qarşı vətəndaşların hazırlığını gücləndirmək məqsədilə yeni təlimatlar açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimatlara əsasən, vətəndaşlar fövqəladə vəziyyətin ilk 72 saatı ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamağa hazır olmalıdırlar. Bu məqsədlə onlara zəruri ləvazimatlardan ibarət təcili yardım dəsti hazırlamaq tövsiyə edilir. Yeni tədbirlər çərçivəsində fəlakətlərə hazırlıq mövzusunun məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, müəllimlərin maarifləndirilməsi, əlilliyi olan şəxslərin ehtiyaclarının nəzərə alınması və risklər barədə əhalinin vaxtında məlumatlandırılması nəzərdə tutulur.
Bununla yanaşı, Avropa Komissiyası Aİ ölkələrinin mülki müdafiə sistemlərinin böhran zamanı fasiləsiz fəaliyyətini təmin etmək üçün əməliyyat davamlılığı və stress testləri ilə bağlı tövsiyələr qəbul edib. Tövsiyələrə əsasən, ölkələr fövqəladə hallara hazırlıq planları hazırlamalı və onları mütəmadi sınaqdan keçirməlidirlər. Məqsəd genişmiqyaslı fəlakətlər zamanı mülki müdafiə mexanizminin 24 saat işləməsini və yardım tədbirlərinin effektiv əlaqələndirilməsini təmin etməkdir.
Şəbnəm Mehdizadə
