Məzmuna keç

Kanadada süd niyə plastik paketlərdə satılır?

Kanadada, xüsusilə Ontario əyalətində südün plastik paketlərdə satılması geniş yayılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qeyri-adi qablaşdırma üsulunun tarixi 1970-ci illərə gedib çıxır.

Paketlənmiş südün yayılması Kanadanın metrik sistemə keçidi ilə əlaqədardır. Həmin dövrdə süd əsasən şüşə butulkalarda satılırdı. Lakin onların ağır olması, asan sınması və daşınma xərclərini artırması alternativ qablaşdırma üsullarına ehtiyac yaratdı.

Plastik paketlərin doldurulması üçün mövcud avadanlıqları yeni ölçü standartlarına uyğunlaşdırmaq daha ucuz başa gəldiyindən bu üsul qısa müddətdə geniş yayıldı. 1978-ci ilə qədər Ontarioda dörd litrlik süd paketləri standart halına gəldi.

Hazırda bu əyalətdə süd adətən bir qablaşdırmanın içərisində yerləşən üç ayrı plastik paketdə satılır. İstifadə zamanı paketlərdən biri xüsusi qaba qoyulur və üst küncü qayçı ilə kəsilərək südün tökülməsi təmin edilir.

2021-ci ilin məlumatlarına görə, Ontarioda satılan südün ən azı 75 faizi plastik paketlərdə qablaşdırılırdı. Beləliklə, vaxtilə iqtisadi səbəblərdən seçilən bu üsul Kanadada gündəlik həyatın bir hissəsinə çevrilib.

Şəbnəm Mehdizadə