Məzmuna keç

Türkiyədə güclü yağışlar selə səbəb oldu: Avtomobillər sel sularına qərq oldu

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda yağan güclü yağışlar daşqınlara səbəb olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində bir sıra ev və iş yerlərini, kənd təsərrüfatı sahələrini su basıb, park edilmiş bəzi avtomobillər isə sel sularına qapılaraq sürüklənib. Axşam saatlarında başlayan leysan gecə saatlarında daha da intensivləşib.

Güclü yağışlar nəticəsində Karakese, Özerli və Kuzuculu məhəllələrində bir sıra ev və iş yerləri su altında qalıb. Kənd təsərrüfatı sahələrinin bir hissəsini də su basıb. Sel suları dayanacaqda park edilmiş bəzi nəqliyyat vasitələrini də aparıb.

Yağıntılar nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Bununla əlaqədar polis əməkdaşları körpülərdə və bulvarlarda qabaqlayıcı tədbirlər görüblər.

Böyükşəhər Bələdiyyəsinin qrupları daşqından zərər çəkmiş evlərdə suyun çəkilməsi işlərini həyata keçirirlər.

Şəbnəm Mehdizadə