Məzmuna keç

İstanbulda yol çökdü: 4 avtomobil çuxura düşdü

Türkiyənin İstanbul şəhərinin Sultangazi rayonunda güclü yağışdan sonra yolda çökmə baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Cebeci məhəlləsində, Su və Kanalizasiya İdarəsinin iş apardığı ərazidə qeydə alınıb. Yağışın təsiri ilə torpağın çökməsi nəticəsində yolun altında boşluq yaranıb.

Hadisə zamanı evə yeni gələn bir sakin avtomobilini park edərkən nəqliyyat vasitəsi çuxura düşüb. Torpağın çökməsi davam etdiyindən küçədən keçən təcili yardım maşını da çuxura düşərək orada ilişib qalıb. Daha sonra ərazidə hərəkət edən digər iki avtomobil də çuxura düşüb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və bələdiyyə əməkdaşları cəlb olunublar. Avtomobillərdən biri təcili yardım briqadasının, yanğınsöndürənlərin və yerli sakinlərin köməyi ilə çuxurdan çıxarılıb. Digər nəqliyyat vasitəsinin çıxarılması istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə küçə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Şəbnəm Mehdizadə