Məzmuna keç

Siyavuş Novruzov bələdiyyələrə ayrılan dotasiyanın artırılmasını təklif edib

“Təəssüflər olsun ki, 2005-2007-ci illərdə bələdiyyələrə ayrılması nəzərdə tutulan dotasiya artırılmır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında deputat Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, hazırda bələdiyyələrdən onların səlahiyyətlərinə aid olan və olmayan bir sıra məsələlərin həlli tələb olunur. Bunun səbəblərindən biri də müəyyən məsələlərin bələdiyyələrin səlahiyyətlərinə verilməməsidir.

“Bəzi hallarda digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan məsələlərə görə də bələdiyyələr məsuliyyət daşımalı olur. Zibillərin yığılması bələdiyyələrin səlahiyyətinə aid olsa da, bəzi hallarda bu xidmətlə bağlı müqaviləni icra hakimiyyəti imzalayır və tullantıların daşınmasını da həmin qurum həyata keçirir. Xidmətdə problem yarandıqda isə vətəndaşlar bununla bağlı bələdiyyələrə müraciət edirlər”, – deyə deputat qeyd edib.

S.Novruzov hesab edir ki, bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsi və qarşılaşdıqları problemlərin həlli baxımından onlara ayrılan dotasiyanın müəyyən qədər artırılması məqsədəuyğun olardı.