Ahıl şəxslər, əlilliyi olan şəxslər və xəstələr üçün maliyyə dəstəyinin artırılması təklif edilir.
E-huquq.az xəbər verir ki, bu barədə təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxış edib.
O, tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsini, habelə uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılmasını təklif edib. Bu məqsədlə dövlət büdcəsində müvafiq maliyyə təminatının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi üçün büdcə ayırmalarının artırılmasını məqsədəuyğun hesab edib.
S.Əliyeva hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin olunması məsələsinə də diqqət çəkib. Bu məqsədlə regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsini, dərman preparatlarının regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılmasını və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılmasını təklif edib.
Ombudsman, həmçinin onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına çıxış imkanlarının genişləndirilməsini, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın artırılmasını vacib hesab edib. Diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün dövlət büdcəsində bu istiqamətlərə ayrılan vəsaitlərin artırılmasını təklif edib.
Bundan əlavə, süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqinin maliyyələşdirilməsinin dövlət büdcəsində nəzərə alınmasını təklif edib. Bildirilib ki, bu texnologiyaların tətbiqi xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanmasına və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər.
