Məzmuna keç

Xərçəng xəstəsi uşağın müalicəsi üçün toplanan pulu oğurladı – Həbs olundu

Bank kartından oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin tanışının həyat yoldaşına məxsus bank kartından 1040 manat pul vəsaitini gizli şəkildə ələ keçirdiyi məlum olub.

Məhkəmə istintaqı zamanı ifadə verən C.Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş şəxsi 5-6 aydır tanıyıb və həmin şəxs onun dostunun həyat yoldaşıdır. Dostunun Zərifə adlı azyaşlı qızı qan xərçəngindən əziyyət çəkdiyindən anası uşağın müalicəsi üçün “TikTok” sosial şəbəkəsində bank kartının məlumatlarını paylaşaraq maddi yardım toplayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, ailənin maddi vəziyyətinin çətin olduğunu və kart hesabına müalicə üçün pul köçürüldüyünü bilib. Dostunun əvvəllər həmin hesabdan pul çıxararaq ona verdiyini, həmçinin bir neçə dəfə zərərçəkmiş şəxsin bank kartı ilə ərzaq alış-verişi etdiyini deyib. Bu səbəbdən kart hesabının məlumatlarına bələd olub.

Pula ehtiyacı yarandığı üçün öz mobil telefonunda qeydiyyatdan keçirdiyi M10 tətbiqi vasitəsilə həmin bank kartından pul köçürmək qərarına gəlib. Nəticədə kart hesabından ümumilikdə 1040 manat vəsaiti öz M10 hesabına köçürərək şəxsi ehtiyaclarına xərcləyib.

O, məhkəmə iclasında törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmədə iştirak etməyən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi də elan olunaraq tədqiq edilib.

Zərərçəkmiş şəxs ifadəsində qızının qan xərçəngindən əziyyət çəkdiyini, müalicə xərclərini qarşılamaq üçün müxtəlif sosial şəbəkələrdə bank kartını paylaşaraq ianə topladığını bildirib. O, təqsirləndirilən şəxsin həyat yoldaşının dostu olduğunu, ailələrinə tez-tez gəlib-getdiyini və uşağın müalicəsi üçün pul toplandığından xəbərdar olduğunu qeyd edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə C.Əliyev Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Təqsirləndirilən şəxs hökm elan edildikdən sonra dərhal məhkəmə zalında həbs edilib.

Şəbnəm Mehdizadə