Məzmuna keç

Məhkəmə qanunsuz tikinti işləri aparmaqda təqsirləndirilən şəxsə bəraət verdi

Sumqayıt Şəhər Məhkəməsində torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Emil Mirzəyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.

Hökmə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə bəraət verilib.

Vəkil bəraət hökmünün 12 Noyabr – Konstitusiya Günündə çıxarılmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu gün bir daha sübut olundu ki, hüquq mübarizəsi, ədalətə inam və sona qədər aparılan prinsipial müdafiə öz nəticəsini verə bilər. Konstitusiya yalnız dövlətin ali qanunu deyil, həm də hər bir insanın hüquq və azadlıqlarının təminatıdır. Heç kəs qanunsuz olaraq təqsirləndirilə, hüquqları pozula və ədalətdən məhrum edilə bilməz. Bu prosesdə əsas məqsədimiz yalnız bəraət hökmünə nail olmaq deyil, həm də insan hüquqlarının, qanunun aliliyinin və ədalət prinsipinin müdafiəsi idi. Bəraət – sadəcə bir məhkəmə qərarı deyil, eyni zamanda insanın hüquqlarının, ləyaqətinin və azadlığının bərpasıdır. Bu qərar bir daha göstərdi ki, məhkəmə prosesində qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ədalət və vicdan prinsipləri hər şeydən üstün tutulur”, – deyə E.Mirzəyev qeyd edib.

Şəbnəm Mehdizadə