Dələduzluq etməkdə təqsirləndirilən Təranə Məmmədovanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Ağsu Rayon Məhkəməsində hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin iki nəfəri müxtəlif vədlərlə aldadaraq ümumilikdə 8035 manat pul vəsaitini ələ keçirdiyi məlum olub.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, T.Məmmədova özünü “Ayan Qasımova” kimi təqdim edərək zərərçəkmiş Günelə Abşeron rayonunda evlə təmin olunmasında, II qrup əlil olan həyat yoldaşı üçün sosial müavinət və dərman preparatlarının əldə edilməsində köməklik göstərəcəyini vəd edib. Bu işləri həyata keçirmək üçün müvafiq səlahiyyəti və real niyyəti olmadığı halda, müxtəlif bəhanələrlə ondan ümumilikdə 2593 manat 96 qəpik pul alıb.
Bundan başqa, təqsirləndirilən şəxs eyni üsulla Günelin qardaşı Calalı da aldadıb. Ona Bakı şəhərində işlə təmin olunacağını, Abşeron rayonunda ev veriləcəyini, qolunun sınması səbəbindən səhhətində problemlər yaranmış azyaşlı övladı üçün sosial müavinət düzəldiləcəyini vəd edib. Bu məqsədlə Calaldan da pul köçürmələrini istəyib və nəticədə onun 5441 manat vəsaitini ələ keçirib.
Məhkəmə istintaqı zamanı dindirilən T.Məmmədova ona qarşı irəli sürülən ittihamı qəbul edərək törətdiyi əməlləri etiraf edib.
O, ifadəsində Günelin onun anasının iş yoldaşı olduğunu bildirib. Özünü “Ayan Qasımova” kimi təqdim edərək Günelə həyat yoldaşı üçün sosial müavinət düzəldəcəyini və Abşeron rayonunda evlə təmin olunmasında kömək göstərəcəyini vəd etdiyini deyib. Bunun müqabilində rüsum və sığorta xərclərinin tələb olunduğunu bildirərək müxtəlif vaxtlarda ondan pul alıb.
Daha sonra Günelin qardaşı Calalı da Bakı şəhərində işlə təmin edilməsi, xəstə övladına sosial müavinət ayrılması və ev verilməsi vədləri ilə aldadıb. Təqsirləndirilən şəxs bu işləri görmək üçün heç bir səlahiyyətinin olmadığı halda, müxtəlif bəhanələrlə hər iki zərərçəkmişdən öz bank hesablarına pul köçürmələrini istəyib.
O, əldə etdiyi vəsaitin bir hissəsini mərc oyunlarında uduzduğunu, digər hissəsini isə şəxsi ehtiyaclarına xərclədiyini bildirib.
T.Məmmədova əməli təkbaşına törətdiyini, anasının və digər şəxslərin hadisədə iştirak etmədiyini qeyd edib. Törətdiyi əməldən peşman olduğunu bildirən təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı hazırda ödəmək imkanının olmadığını, lakin gələcəkdə hissə-hissə ödəyəcəyini deyib.
O, əvvəllər məhkum olunmamasını, himayəsində 6 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə T.Məmmədova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə
