Almaniyada işsiz ali təhsilli şəxslərin sayı avqust ayında 372 minə yüksələrək son illərin ən yüksək səviyyəsinə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iqtisadi durğunluq və süni intellektin əmək bazarına təsiri, xüsusilə gənc universitet məzunlarının iş tapmasını çətinləşdirir.
Almaniyada ali təhsil diplomu işə qəbul zamanı üstünlük qazandırmağa davam etsə də, universitet məzunları arasında işsizliyin artması diqqət çəkir. Avqust ayında işsiz ali təhsilli şəxslərin sayının 372 minə çatması ölkədə xüsusilə gənclərin məşğulluq imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İşsizlikdən ən çox təsirlənən qruplar arasında 30 yaşdan aşağı universitet məzunları yer alır.
İşsiz universitet məzunlarının sayında artıma baxmayaraq, ali təhsil Almaniyada işsizlik riskini azaldan əsas amillərdən biri olaraq qalır.
2025-ci ilin məlumatlarına əsasən, ali təhsilli şəxslər arasında işsizlik səviyyəsi 3,3 faiz təşkil edib. Bu göstərici ölkə üzrə ümumi işsizlik səviyyəsinin təxminən yarısına bərabərdir.
Peşə ixtisası sənədinə malik şəxslər arasında işsizlik 3,6 faiz olduğu halda, heç bir peşə təhsili olmayan şəxslərdə bu göstərici 21 faizə çatıb.
İşsizlik səviyyəsi məzunların ixtisas sahələrinə görə də fərqlənir. Müəllimlik ixtisası üzrə təhsil alanlarda işsizlik 2 faizdən aşağı olduğu halda, sosial və humanitar elmlər sahəsində bu göstərici 4,6 faizə yüksəlib. Mühəndislik ixtisası üzrə məzunlarda isə işsizlik səviyyəsi 3,8 faiz təşkil edib.
Almaniya Federal Məşğulluq Agentliyinin məlumatına görə, universitet məzunları arasında işsizliyin artmasına iqtisadi durğunluqla yanaşı, süni intellektin iş həyatında daha geniş tətbiqi də təsir göstərir. Xüsusilə iş təcrübəsi az olan gənc məzunların bu dəyişikliklərdən daha çox təsirləndiyi bildirilir.
Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles süni intellektin Almaniyanın əmək bazarında köklü dəyişikliklərə səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, qarşıdakı 15 il ərzində təxminən 800 min iş yeri aradan qalxa bilər. Bununla yanaşı, eyni dövrdə oxşar sayda yeni iş imkanlarının yaranacağı proqnozlaşdırılır.
Nahles dəyişikliklərin xüsusilə şirkətlərə xidmət göstərən sektorlarda, eləcə də bank və sığorta sahələrinin analitik fəaliyyət istiqamətlərində daha aydın hiss olunduğunu qeyd edib. O, universitet məzunlarının iş tapmaq üçün əvvəlki dövrlərlə müqayisədə daha uzun müddət gözlədiklərini də vurğulayıb.
Bununla belə, Nahles ali təhsilli şəxslərin əmək bazarında digər təhsil qrupları ilə müqayisədə üstün mövqelərini qoruduqlarını bildirib.
Şəbnəm Mehdizadə
