Alimlər Koyper qurşağından Yerə çatan kosmik toz zərrəciklərində milyardlarla il əvvələ aid su izləri aşkar ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan tədqiqat göstərir ki, Günəş sisteminin xarici hissəsindəki su ehtiyatı daxili bölgələrdəki sudan fərqli izotop tərkibinə malik olub və uzun müddət kimyəvi dəyişikliklərdən qorunub.
NASA-nın Conson Kosmik Mərkəzindən Lindsi Kellerin rəhbərlik etdiyi tədqiqat qrupu stratosferdən toplanmış 12 kosmik toz zərrəciyini araşdırıb. Təhlillər zamanı onların tərkibində gil və hidratlaşmış minerallar aşkarlanıb. Bu maddələr yalnız keçmişdə maye su ilə kimyəvi reaksiyalar nəticəsində yarana bilər.
Tədqiqatçılar zərrəciklərdə ağır oksigen izotoplarının qeyri-adi dərəcədə yüksək olduğunu müəyyən ediblər. Bu göstərici suyun milyardlarla il əvvəl Günəş sisteminin xarici hissəsində formalaşdığını və daxili bölgələrdəki su ehtiyatlarından fərqləndiyini göstərir. Alimlərin fikrincə, bu fərqin qorunmasında Saturn mühüm rol oynayıb. Erkən Günəş sistemində planetin yaratdığı təzyiq maneəsi xarici bölgələrdəki maddələrin daxilə hərəkətini məhdudlaşdırmış və fərqli izotop tərkibli su ehtiyatının qorunmasına şərait yaratmış ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf Günəş sisteminin ilkin formalaşması və milyardlarla il əvvəl mövcud olmuş su ehtiyatları haqqında mühüm məlumatlar verir.
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə
