Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən silahlı toqquşmalar nəticəsində avqustun əvvəlindən indiyədək məcburi köçkünlərin sayının 333 mini ötdüyünü açıqlayıb. Onlardan 24 mindən çoxu yalnız ötən həftə evlərini tərk etmək məcburiyyətində qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) yaydığı açıqlamada bildirilib ki, Yəməndə mülki əhali zorakılığın ağır nəticələri ilə üzləşməkdə davam edir. Silahlı toqquşmalar səhiyyə müəssisələrinə ziyan vurur, ailələri yaşayış yerlərini tərk etməyə məcbur edir və humanitar yardım əməkdaşlarının fəaliyyətinə mane olur.
Açıqlamada OCHA-nın avqustun əvvəlindən bəri 72 mülki şəxsin ölümünü, 217 nəfərin isə yaralanmasını təsdiqlədiyi qeyd olunub.
Bildirilib ki, mülki itkilərin yarısını uşaqlar təşkil edir. Qadın və uşaqların ümumi mülki itkilərdəki payı isə təxminən üçdə ikiyə çatır.
BMT-nin məlumatına görə, avqustun əvvəlindən etibarən silahlı münaqişələr səbəbindən evlərini tərk edənlərin sayı 333 mini keçib. Onlardan 24 mindən çoxu yalnız ötən həftə didərgin düşüb.
Məlumata görə, Yəmən Prezidentlik Şurasının sədri Rəşad əl-Əliminin dövlət qurumlarını husilərdən geri almaq və paytaxt Sənada nəzarəti bərpa etmək məqsədi daşıdığını bildirdiyi “Yəmənin Şəfəqi” hərbi əməliyyatı 2026-cı il oktyabrın 5-dən etibarən davam edir.
Bu proses 2022-ci ilin aprelində başlayan atəşkəs nəticəsində ölkədə yaranmış nisbi sabitlikdən sonra müşahidə edilən ən genişmiqyaslı hərbi gərginliklərdən biri fonunda baş verir.
Qeyd edək ki, Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra vətəndaş müharibəsi davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə 2015-ci ilin martından etibarən Yəmən hökumətinə hərbi dəstək verir.
Şəbnəm Mehdizadə
