Məzmuna keç

“SpaceX” və “Tesla” birləşir

“SpaceX” və “Tesla” şirkətləri arasında birləşmə ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Bu proses nəticəsində dünya tarixinin ən böyük korporativ birləşmələrindən birinin reallaşması gündəmə gəlib.

E-huquq.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata görə, tərəflər rəsmi razılaşmanı dekabr ayı ərzində elan etmək məqsədilə hazırlıq prosesini sürətləndiriblər.

Gözlənilən razılaşmanın İlon Maskın ən dəyərli iki şirkətini bir araya gətirərək ümumi bazar dəyəri 3,7 trilyon dollara çatan nəhəng biznes qurumu yaradacağı ehtimal edilir.

Razılaşma reallaşarsa, bu birləşmə indiyədək dünya miqyasında həyata keçirilmiş ən böyük korporativ əməliyyat olacaq.

İki şirkətin birləşməsi ilə bağlı strateji qərarın əsasını süni intellekt sahəsində ortaq maraqlar təşkil edir.

İlon Mask investorlarla son görüşlərindən birində şirkətlərin birləşməsinin böyük dəyər yaradacağını bildirərək, onların süni intellekt sahəsində tarixi dönüş nöqtəsində olduğunu vurğulayıb.

Mask həmçinin qabaqcıl proqram təminatı və mikroçiplərin hazırlanması istiqamətində əməkdaşlığın hər iki şirkət üçün əhəmiyyətli üstünlüklər yaradacağını qeyd edib.

Danışıqların sürətlənməsi təsadüfi hesab edilmir. Maskın tərəfdarları belə böyükmiqyaslı birləşmənin tənzimləyici qurumların ciddi razılığını tələb edəcəyini nəzərə alaraq, prosesi ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyası dövründə yekunlaşdırmağa çalışırlar.

Razılaşmanın yaxın aylarda elan edilməsi iki şirkətə Maskın biznes imperiyası üzərində daha geniş nəzarətə səbəb ola biləcək mümkün siyasi və tənzimləyici dəyişikliklərdən əvvəl hüquqi prosedurları tamamlamaq imkanı verə bilər.

Bununla belə, bazarlarda müşahidə olunan nikbin gözləntilərə baxmayaraq, birləşmənin reallaşması müəyyən çətinliklərlə müşayiət oluna bilər.

İlon Mask yekun danışıqlarda birbaşa iştirak etməyəcəyini açıqlayıb. Son şərtlərin müəyyənləşdirilməsi isə hər iki şirkətin müstəqil xüsusi komitələrinə həvalə edilib.

Birləşmə qarşısındakı ən ciddi maneələrdən biri “Tesla” səhmdarlarının razılığının alınmasıdır. Belə ki, Mask “SpaceX”də səsvermə hüquqlarının 80 faizindən çoxuna nəzarət etdiyi halda, “Tesla”dakı payı təxminən 20 faiz təşkil edir.

Analitiklər digər mümkün risklərə də diqqət çəkirlər. Bunlara “SpaceX”in ABŞ hökuməti ilə milli təhlükəsizlik sahəsində həyata keçirdiyi həssas müqavilələr və “Tesla”nın Çindəki geniş istehsal infrastrukturu arasında yarana biləcək ziddiyyətlər daxildir.

Şəbnəm Mehdizadə