Məzmuna keç

“Apple”dan 99 ölkədəki istifadəçilərə casus proqram xəbərdarlığı

Tailand rəsmiləri 99 ölkədəki istifadəçiləri əhatə edən qlobal xəbərdarlıq çərçivəsində siyasətçilərin və digər şəxslərin casus proqram hücumlarının hədəfinə çevrilmiş ola biləcəkləri barədə bildirişlər almasından sonra “Apple” şirkətinin rəhbərliyi ilə görüş keçirib.

E-huquq.az xəbər verir ki, “Bloomberg News”un suallarına cavab olaraq “Apple” şirkəti bildirib ki, kommersiya məqsədli casus proqram hücumları ilə üst-üstə düşən fəaliyyətlər aşkarlandıqdan sonra oktyabrın 29-da istifadəçilərə müvafiq xəbərdarlıqlar göndərilib.

Bir sıra tailandlı siyasətçilər də bu bildirişləri aldıqlarını təsdiqləyiblər. Hadisə mümkün hücumların arxasında kimin dayandığı və hansı məqsədlər güddüyü ilə bağlı suallar yaradıb.

“Krungthep Turakij” və digər media qurumlarının məlumatına görə, Tailandın Rəqəmsal İqtisadiyyat və Cəmiyyət naziri Çayçanok Çidçob çərşənbə günü “Apple” nümayəndələri ilə görüşdən sonra bildirib ki, təhlükə xəbərdarlığının alınması cihazın mütləq uğurla ələ keçirildiyi anlamına gəlmir.

Nazir Çayçanok Çidçob Tailand rəsmilərinin son hücum cəhdlərinin İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış “Pegasus” casus proqramı ilə əlaqəli olduğunu təsdiqləyən hər hansı sübuta malik olmadığını bildirib.

Bununla belə, “Apple”ın son xəbərdarlıqlarından sonra bəzi siyasətçilər hücumlarda “Pegasus” proqramından istifadə edilmiş ola biləcəyi ilə bağlı suallar qaldırıblar.

Qeyd edək ki, 2022-ci ildə sözügedən proqramın Tailandda demokratiya tərəfdarı olan fəallara qarşı istifadə edildiyi iddia olunmuşdu.

Son hadisələr kommersiya məqsədli izləmə vasitələrinin siyasətçilərə və digər şəxslərə qarşı tətbiqi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

“Apple” hücumların təfərrüatlarının açıqlanmasının kibercinayətkarlara öz metodlarını uyğunlaşdırmağa və aşkarlanmadan yayınmağa kömək edə biləcəyini əsas gətirərək, xəbərdarlıqların hansı meyarlar əsasında göndərildiyini açıqlamaqdan imtina edib.

Şirkət təhlükə bildirişi alan istifadəçilər üçün görülməli tədbirlərlə bağlı xüsusi təlimatlar təqdim edir.

Tailand rəsmiləri isə “Android” cihazlarına yönəlmiş mümkün risklər də daxil olmaqla, təhlükənin xarakterini və ona qarşı müdafiə tədbirlərini müzakirə etmək üçün texnologiya şirkətləri ilə görüşlər keçirməyi planlaşdırırlar.

“Apple” təhlükə xəbərdarlığı alan istifadəçilərə cihazlarında “Kilid Rejimi” (“Lockdown Mode”) funksiyasını aktivləşdirməyi və kibertəhlükəsizlik üzrə mütəxəssislərdən yardım almağı tövsiyə edir.

Şəbnəm Mehdizadə