İspaniyanın Kataloniya bölgəsində yerləşən Cova de la Font Major mağarasında Paleolit dövrünə aid 280 qaya təsviri aşkarlanıb. Tapıntı Aralıq dənizi İberiyasında buz dövrünə aid ən böyük mağara sənəti kolleksiyalarından biri hesab olunur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar təsvirlər arasında 55 heyvan fiquru, o cümlədən at, maral, keçi, öküz və ayı təsvirləri, eləcə də müxtəlif həndəsi və abstrakt simvollar müəyyən ediblər.
Maraqlıdır ki, mağara 1957-ci ildən turistlər və mağara həvəskarları tərəfindən ziyarət olunsa da, təsvirlərin qədim mənşəyi yalnız 2019-cu ildə müəyyən edilib.
Alimlər qayaüstü rəsmlərin Maqdaleniya mədəniyyətindən daha qədim ola biləcəyini ehtimal edirlər. Dəqiq yaşın müəyyənləşdirilməsi üçün əlavə araşdırmalar və uran əsaslı tarixləndirmə aparılması planlaşdırılır.
Tədqiqatçılar bildirirlər ki, insan fəaliyyəti nəticəsində təsvirlərin bir hissəsi zədələnib. Hazırda onların qorunması məqsədilə mağaranın rəsmlərin yerləşdiyi bölməsinə giriş məhdudlaşdırılıb.
Araşdırmanın nəticələri “Antiquity” jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə
