Məzmuna keç

Alimlər B12 vitamini ilə işləyən batareya hazırlayıblar

İspaniyanın Kordoba Universitetinin alimləri B12 vitaminindən istifadə etməklə təkrar doldurula bilən sink-hava batareyası hazırlayıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təcrübə zamanı prototip 250-yə qədər enerji doldurma və boşalma dövrünü uğurla tamamlayıb.

Tədqiqatçılar B12 vitaminini batareyada kimyəvi reaksiyaları sürətləndirən katalizator kimi istifadə ediblər. Vitaminin suda həll olması problemini isə onu karbon nanoborucuqlarına birləşdirməklə aradan qaldırıblar.

Yeni texnologiyanın əsas üstünlükləri sinkin bol və təkrar emal edilə bilən olması, həmçinin su əsaslı elektrolitdən istifadə edildiyi üçün daha təhlükəsiz batareya potensialı yaratmasıdır.

Hələlik eksperimental mərhələdə olan bu ixtiranın gələcəkdə bərpaolunan enerji mənbələrindən əldə edilən artıq elektrik enerjisinin saxlanılmasında istifadə oluna biləcəyi bildirilir.

Şəbnəm Mehdizadə