Məzmuna keç

Fransada etiraz aksiyalarında 2 600 polis və jandarm yaralanıb

Fransada sentyabr ayından bəri keçirilən etiraz aksiyaları zamanı 2 600 polis və jandarm əməkdaşı xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis həmkarlar ittifaqı “Alliance”ın baş katibi Fabien Vanhemelryck “RTL” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, açıqlanan rəqəm xəsarətləri həkim tərəfindən təsdiqlənən hüquq-mühafizə əməkdaşlarını əhatə edir. Vanhemelryck aksiyalar zamanı polislərin ziddiyyətli əmrlər aldığını və özlərini müdafiə etmək üçün lazımi vasitələrlə təmin olunmadığını iddia edib.

O, həmçinin etirazlarla bağlı təxminən 12 min nəfərin saxlanıldığını, 3-4 min nəfərin isə həbs edildiyini bildirib.

Vanhemelryckin sözlərinə görə, Fransanın Milli Polis Baş Müfəttişliyi aksiyalarla əlaqədar 146 araşdırma başladıb.

Qeyd edək ki, ölkədə tələbələr sentyabrın 17-dən təhsil şəraitinin yaxşılaşdırılması, “Sarı jiletlilər” isə oktyabrın 17-dən yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları keçirirlər.

Şəbnəm Mehdizadə