Məzmuna keç

Komitə sədri: “Gələn il bir sıra sosial müavinətlər artırılacaq”

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Mövcud iqtisadi çətinliklər də bu istiqamətdə həyata keçirilən tədbirlərə mane olmayıb“.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün növ pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləği hər il artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas əhali qruplarının, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn layihələr davam etdirilir.

Komitə sədri qeyd edib ki, gözlənildiyi kimi, gələn il də dövlət büdcəsi sosialyönümlü olacaq: “Xüsusilə bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur”.

H.Hüseynova, həmçinin bildirib ki, hər il olduğu kimi, gələn il də məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərlə, sağlamlıq imkanları məhdud uşaqlarla və onların ailə üzvləri ilə sosial və psixoloji işin təşkili, eləcə də digər bu qəbildən olan tədbirlər üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Şəbnəm Mehdizadə