Rumıniyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ noyabrın 18-də, çərşənbə günü gecə saatlarında baş verib. Yeraltı təkanların ocağı təxminən 140 kilometr dərinlikdə yerləşib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 02:48-də qeydə alınıb. Episentr Rumıniyanın Vrancea bölgəsində yerləşən Nereju Mik kəndinin təxminən 16 kilometr qərbində olub. Zəlzələnin ocağının dərinliyi isə təxminən 131 kilometr təşkil edib.
EMSC zəlzələni hiss edən şəxslərdən 14 mindən çox məlumat aldığını açıqlayıb.
Yeraltı təkanların Bolqarıstan, Serbiya və Türkiyədə də hiss olunduğu, xüsusilə İstanbulun bəzi ərazilərində sakinlərin yüngül silkələnmə müşahidə etdiyi bildirilir.
Zəlzələ Karpat dağlarının qövsü altında yerləşən Vrancea seysmik zonasında qeydə alınıb. Bu ərazidə baş verən zəlzələlər, adətən, yerin dərin qatlarında yaranır və geniş coğrafi ərazidə hiss olunur.
Vrancea bölgəsi 1940 və 1977-ci illərdə də dağıdıcı zəlzələlərlə gündəmə gəlib. Xüsusilə 1977-ci ildə baş verən zəlzələ nəticəsində Rumıniyada, əsasən də Buxarestdə olmaqla, 1500-dən çox insan həyatını itirib.
Şəbnəm Mehdizadə
