Noyabrın 17-də ABŞ-də Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) və Federal Rabitə Komissiyasının (FCC) birgə təşkilatçılığı ilə Fövqəladə Xəbərdarlıq Sisteminin (EAS) ölkə üzrə sınağı keçirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaq çərçivəsində televiziya, radio, kabel və peyk yayımları təxminən bir dəqiqəlik dayandırılıb. Bununla belə, mobil telefonlara heç bir xəbərdarlıq göndərilməyib.
Sınaq ABŞ-nin şərq sahili vaxtı ilə saat 14:20-də başlayıb. Yayımçılar adi proqram axınını dayandıraraq əvvəlcədən hazırlanmış xəbərdarlıq mətnini yayımlayıblar. Mətndə bunun yalnız sistemin sınağı olduğu və əhalinin hər hansı tədbir görməsinə ehtiyac olmadığı bildirilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında keçirilən son ümumölkə sınağından fərqli olaraq, bu dəfə mobil telefonlar sistemə daxil edilməyib. FEMA əvvəlcədən açıqlamışdı ki, sınaq zamanı telefonlara bildiriş göndərilməyəcək, cihazlar səs siqnalı verməyəcək və titrəməyəcək.
ABŞ qanunvericiliyinə əsasən, Fövqəladə Xəbərdarlıq Sistemi ən azı üç ildə bir dəfə sınaqdan keçirilməlidir. Məqsəd real fövqəladə vəziyyət zamanı yarana biləcək texniki və əməliyyat problemlərini əvvəlcədən müəyyənləşdirməkdir.
FEMA rəhbəri Kemeron Hamilton bildirib ki, fövqəladə vəziyyətlərdə hər saniyə həyati əhəmiyyət daşıyır və bu cür sınaqlar mümkün problemlərin vaxtında aşkarlanmasına kömək edir.
Son günlər bank, aviaşirkət və bulud xidmətlərində baş verən genişmiqyaslı fasilələr fonunda sınağın vaxtı sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub.
FEMA isə sınağın əvvəlcədən planlaşdırılmış rutin tədbir olduğunu, baş verən texniki nasazlıqlarla heç bir əlaqəsinin olmadığını və hər hansı gizli fövqəladə vəziyyətin mövcud olmadığını açıqlayıb.
Şəbnəm Mehdizadə
