Məzmuna keç

ABŞ-yə məxsus hərbi təyyarəyə balta ilə hücum edildi

İrlandiyanın Şennon hava limanında 60 milyon dollar dəyərində ABŞ hərbi təyyarəsinə hücum edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı Daithi O’Corrainin Limerik şəhəri yaxınlığındakı hava limanında park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasına məxsus “C-130 Hercules” tipli təyyarəyə hücum etməzdən əvvəl aylarla hazırlıq apardığı iddia olunur.

İstintaq materiallarına əsasən, şübhəli şəxs təyyarəyə daxil olaraq onun kabellərini və hidravlik xətlərini kəsib, kokpitdəki cihazları sındırıb, yanacaq çəninə polad kürəciklər töküb. O, həmçinin qalium adlı kimyəvi maddədən istifadə edib və təyyarənin gövdəsini balta ilə zədələyib.

Hadisə 2026-cı il aprelin 11-də baş verib. Hava limanının əməkdaşları tərəfindən aşkarlanan O’Corrain hadisə yerində saxlanılıb. İrlandiya polisi ona əmlaka zərər vurma ittihamı irəli sürüb.

ABŞ prokurorları isə təyyarəyə vurulan zərərin milyonlarla dollar təşkil etdiyini və hadisənin ölkənin milli təhlükəsizliyi üçün risk yaratdığını bildiriblər. Şübhəli şəxs ABŞ-də ictimai əmlaka zərər vurmaqda ittiham olunur. Bu maddə üzrə onu 10 ilədək həbs cəzası gözləyə bilər.

Federal Təhqiqat Bürosunun direktor müavini Ceyms Barnaklın sözlərinə görə, hadisə ani vandalizm aktı olmayıb. İddialara əsasən, O’Corrain hücumu əvvəlcədən planlaşdırıb, lazımi alət və materialları əldə edib.

ABŞ hərbçilərinin tranzit məntəqələrindən biri olan Şennon hava limanında mütəmadi olaraq müharibə əleyhinə aksiyalar keçirilir. Yerli mətbuatın məlumatına görə, O’Corrainin tərəfdarları onu müharibə əleyhinə fəal kimi təqdim edirlər.

ABŞ prokurorları son illərdə hava limanında bir sıra təhlükəsizlik pozuntularının qeydə alındığını da xatırladıblar. 2025-ci ilin mayında üç nəfər mikroavtobusla hava limanının mühafizə hasarını aşaraq əraziyə daxil olub. Həmin ay daha sonra ABŞ-yə məxsus təyyarələrdən birinin üzərinə boya püskürdülməsi nəticəsində onun uçuşu müvəqqəti dayandırılıb.

Şəbnəm Mehdizadə