Məzmuna keç

“Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək”

“Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək”.

E-huquq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin peşə təhsilinə təsiri hələlik o qədər də ciddi qiymətləndirilmir:

“Bu isə peşə təhsili üzrə tələbatın daha uzun müddət davam edəcəyini göstərir. Əmək bazarının tələbləri və keyfiyyət meyarları baxımından bizim üçün əsas məsələ işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır. Yəni bu gün təhsil sisteminin yekun benefisiarı əmək bazarıdır. Ona görə də nazirlik olaraq peşə təhsilinin, eləcə də nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının inkişafını bu proqramların beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük”.

Nazir vurğulayıb ki, peşə hazırlığı və peşə təhsili ilə bağlı əsas fəaliyyət istiqamətlərindən biri əmək standartlarının hazırlanmasıdır:

“Artıq minlərlə peşə və ixtisas standartı hazırlayaraq nazirliyin müvafiq reyestrinə daxil etmişik. Bu standartlar hazırlanarkən beynəlxalq əmək bazarında qəbul olunmuş tələb və standartlar nəzərə alınıb”.